Səudiyyə Ərəbistanının Ciddə şəhərində ənənəvi Dakar ralli-marafonu start götürüb.
44-cü dəfə keçirilən mövsümün ilk günündə yarış həvəskarları maraqlı mübarizənin şahidi olub. Avtomobillərin yarışında “Toyota”nın qətərli pilotu Nasser Əl-Atiyə qalib gəlib. O, finiş xəttini 3 saat 19 dəqiqə 57 saniyəyə qət edib. Ondan 12 dəqiqə geri qalan ralli üzrə 9 qat dünya çempionu Sebastyan Löb 2-ci olub. “Ford”un sürücüsü Martin Prokop 3-cü yerə sahib çıxıb.
Kvadrotsikllərin yarışında litvalı Laysvidos Kantsyus uğur qazanıb. “Yamaha” pilotu finiş xəttini 4 saat 12 dəqiqə 24 saniyəyə keçib. Onun komanda yoldaşları Pablo Sebastyan Kopetti 2-ci, Covanni Enriko isə 3-cü olub. Maraqlıdır ki, ilk 10-luğun hamısında “Yamaha” pilotları qərarlaşıb.
Yük maşınları yarışının daimi favoriti “Kamaz” da ilk gündə üstünlüyü ələ alıb. Rusiya komandasının aparıcı sürücülərindən olan Dmitri Sotnikov 3 saat 53 dəqiqə 14 saniyəlik nəticə ilə yarışı qalib başa vurub. Ondan 38 saniyə geri qalan “Kamaz”ın digər sürücüsü Eduard Nikolayev 2-ci yerə sahib çıxıb. “Praqa” komandasının üzvü Aleş Loprays 3-cü piləni tutub.
Günün son yarışında motosikletçilər mübarizəyə qoşulub. Yarış CAN-AM komandasının üstünlüyü şəraitində keçib. Aron Domjala 3 saat 42 dəqiqə 59 saniyəyə finiş xəttini birinci keçibsə, onun komanda yoldaşları Ostin Cons və Rodriqo Luppi de Oliveyra müvafiq olaraq 2-ci-3-cü yerləri tutub.